Keyslər SMM

“SMM fəaliyyətinin bütün ciddiliyi qəbul edilməlidir”

Sosial şəbəkələrin günümüzün ən sürətli xəbər aqreqatoru olduğu hər kəsə məlumdur və bilirik ki, bu platformalarda neqativ daha sürətli yayılır.

Bugün Unibankla bağlı olan məsələdə bunun bir daha şahidi olduq. Səhər saatlarından hər kəs Unibankın feysbuk səhifəsini 1* dəyərləndirməyə başladı. Nəticədə bir neçə saat ərzində səhifənin ümumi reytinqi 2.5-ə qədər endi və səhifə idarəçiləri qiymətləndirmə funksiyasını bağladılar.

İnsanlar şəhid ailəsinin həmin banka olan kredit borcunun problemə çevrilməsini qəzəblərinin səbəbi kimi göstərirlər. Məsələnin həqiqətən nə olduğu haqda bir fikir bildirə bilmərəm, ancaq sözügedən şəhid ailəsinin məsələsi 2016-cı ildə gündəmə gəlib və həll olunub.

Bu və Azərbaycanda indiyə qədər dəfələrlə təkrarlanan eynitipli hallardan əsas çıxarışlarımı bölüşmək istəyirəm:

1. Biz biznes qurumuyuq, məqsədimiz pul qazanmaqdır, ancaq sosial məsuliyyətimiz hər zaman var və işlədiyimiz cəmiyyətin zəif nöqtələrini bilməliyik, onun dəyərlərinə hörmət etməliyik. SMM fəaliyyətimizdə də bu dəyərləri nəzərə almağımız mütləqdir.
2. Ölkədə şirkətlər hələdə böhran (PR böhranı) vəziyyətinə hazır deyil. Dəfələrlə ölkədə müxtəlif zamanlarda sosial şəbəkələrdə belə neqativ dalğaların olmasına baxmayaraq, yenə də qurumlar SMM fəaliyyətini tam ciddiliyi ilə qəbul etmirlər.
3. Ölkədə fəaliyyət göstərən çox şirkətlər sosial şəbəkələrdə kommunikasiyanı düzgün qurmur, ancaq post paylaşır, ancaq müsabiqə edirlər. Lakin “fikir liderlərinin”, “brend vəkillərinin” yaradılmasını hədəfləmirlər. Unibank keysində hər kəsin neqativ qiymətləndirmə etdiyi vaxt, bir neçə loyal müştəri, bankdan heç vaxt narazı qalmadıqları ilə bağlı paylaşımlar etdilər. Ancaq qəbul etməliyik ki, 400-ün 4-ə nisbəti çox güclüdür.


4. Şirkətlər hələ də “susmaq qızıldır” düşünürlər, ancaq rəqəmsal dövrdə bu məsələ çox fərqlidir, qəbul etməliyik. Susaq, sovuşacaq deməklə olmur. Çünki sosial şəbəkələrdə, insanlar bu tip məlumatları çox sürətlə paylaşırlar, paylaşanlara dəstək olurlar. Böhran qızışmadan, böyümədən qarşısını almaq lazımdır. Təbii ki, burada 2-ci bənd çox önəmlidir.
5. Rəqəmsal PR-ın bayramı, istirahət günü yoxdur, dostum! Bu strukturda bir gecəyə də böhran yarana bilər, bir neçə saata da. Hər an SMM Menecer istənilən məsələyə hazır olmalıdır.
6. Unutmamaq lazımdır ki, istifadəçilər amansızdırlar, məsələnin əsasını bilmədən və ya sadəcə “küyə düşərək” paylaşımlar edirlər. Ona görə də, biz onlardan daha sürətli davranmalıyıq. İnformasiyanı biz idarə etməliyik, yoxsa bunu bizim əvəzimizə edəcəklər.
7. SMM strategiyamızı qurarkən, ola biləcək bütün problemləri nəzərə almalıyıq, yüz ölçüb, bir biçməliyik.

Unibank məsələ ilə bağlı rəsmi açıqlamanı təxminən 4 saat sonra verdi. Məsələnin səbəbinin nə olmasından asılı olmayaraq, bütün qurumlar, daha çox B2C sektorunda çalışan şirkətlər böhrana hazırlıqlarını böhran yaranmamışdan öncə görməlidirlər, çünki, zərbənin hardan və nə zaman gələcəyi bəlli olmur. Həmçinin, SMM fəaliyyətinin bütün ciddiliyi qəbul edilməlidir. Təbii ki, böhran gəlməsə daha yaxşı, ancaq ehtiyyat PR-çının yaraşığıdır.

Fikir bildirin

şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir