Fotonun mənbəyi: "Think with Google"
Keyslər Marketinq

Onlayn həyatımızın “mikro anları”

Google deyir ki, “Biz istehlakçı olaraq sadəcə onlayn olmuruq, biz artıq onlaynda yaşayırıq”. Hazırda Google-da saniyədə təxminən 40 minə yaxın axtarış edilir. Hər birimiz istənilən ehtiyacımızda ilk axtarış sistemlərinə, Siri-yə, Google Assistant-a və s. müraciət edirik. Bunu da çox vaxt mobil telefonumuz vasitəsi ilə həyata keçiririk.

Google bir neçə il əvvəl mobil telefonların inkişafının müştərilərin qərarvermə prosesinə ciddi təsir etdiyini görərək, “micro moments” (mikro anlar) terminini yaratdı. Mikro anlar mobil telefon istifadəçisi olan potensial müştərinin həmin anda bir məhsul haqqında araşdırma aparması, onu necə edə biləcəyini öyrənməsi və ən sürətli haradan ala biləcəyi kimi suallarına cavab axtarması prosesidir.

Potensial müştərilərimizin mikro anlarını düzgün təxmin edə bilmək, bizə axtarış sistemlərinin reklamları üçün ayırdığımız büdcəni daha effektiv istifadə etməyimizə və daha çox potensial müştəriyə mesajımızı çatdıraraq, onları müştəriyə çevirməyimizə kömək edə bilər.

Mikro anları reklamverən tərəfdən analiz etdikdə, strategiya 3 əsas faktorun üzərində qurulmalıdır:

  • Var olmaq: istifadəçi bir məlumatı axtararkən, brendin reklamı və ya məlumatı orada olmalıdır;
  • Faydalı olmaq: istifadəçinin mövcud məlumata ehtiyacı var və ona faydalı məlumatı təqdim etmək lazımdır;
  • Sürətli olmaq: potensial müştərinin məlumat almasına və ya satınalma prosesinə heç nə mane olmamalıdır.

Red Roof Inn Otel şəbəkəsinin mikro anlarla bağlı uğurlu layihəsi var. Bir gün şəbəkənin marketoloqları uçuşların təxirə salınması, gecikməsi səbəbi ilə hər gün 90 minə yaxın insanın Amerika hava limanlarında qaldıqları ilə bağlı statistikaya rast gəlirlər. Komanda uçuşların gecikməsi ilə bağlı olan datanı avtomatik alacaq proqram hazırlayırlar və hava limanlarının ətrafındakı ərazilər üçün axtarış sistemi reklamı yaradırlar. Nəticədə, həmin vaxtda ehtiyacı olan insanlara sürətli və doğru məlumatı verərək, satışlarını 60 faiz artıra bilirlər.

İstifadəçi tərəfindən baxdıqda mikro anları ümumi olaraq 4 istiqamətdə ələ ala bilərik (Google tərəfindən müəyyənləşdirilmiş kateqoriyalar):

  • “Bilmək istəyirəm” (I want to know) – İstifadəçi məhsulu satın almaq qərarını verməyib, lakin bu haqda düşünür. Məsələn: sərfəli qiymətə smartfon və ya enerjiyə qənaət edən soyuducu axtarışları. Brend bu mikro anda mövcud olmaq üçün faydalı kontent təklif edə, satınalmaya çağırış etmədən, mövcud marağı artırmağa çalışa bilər. Həmçinin Google-un 2015-ci ildə apardığı bir araşdırmanın nəticələrinə görə, insanların 66 faizi TV reklamlarında gördükləri məhsullar haqqında smartfonları vasitəsi ilə məlumat almağa çalışırlar.
  • “Getmək istəyirəm” (I want to go) – İstifadəçi artıq məhsul almaq istəyir və ya bir məhsula ehtiyacı var, lakin ona ən uyğun mağazanın, məkanın hara olduğunu axtarır. Google statistikasına görə, son 2 ildə “near me” (yaxınlıqda) açar sözü ilə axtarışların sayı 150 faiz artıb və smartfon istifadəçilərin 82 faizi hər hansı bir məkanı smartfonları vasitəsi ilə axtarır.
  • “Etmək istəyirəm” (I want to do) – Bu, həm satınalmadan əvvəl, həm də sonra baş verə biləcək bir andır. İstifadəçi hər hansı əməliyyatı necə edə biləcəyini axtarır. Niyə də biz faydalı məlumatımızla, öyrədici videomuzla istifadəçinin qarşısına çıxmayaq?!
  • “Almaq istəyirəm” (I want to buy) – İstifadəçi artıq satınalma qərarı verib, sadəcə konkret məhsulu almaqla bağlı məlumat axtarır. İstifadəçi burada bir neçə mağazanın təkliflərini qarşılaşdıracaq, dəyərləndirəcək və özünə uyğun qərar verəcək. Deməli, biz ona ən yaxşı təklifi təqdim etməliyik.

Bir neçə il əvvəl PreMark olaraq uşaq bağçaları şəbəkəsi olan partnyorumuz üçün mikro anları hesablayaraq, kontent hazırladıq və axtarış sistemləri reklamları verdik. Valideynlərin uşaqları ilə bağlı yarana biləcək bütün suallarına cavablar, uşaq bağçası axtaran valideynlər üçün xüsusi təkliflər üzərinə kampaniyalar hazırladıq və hər bir rayon üçün ayrı-ayrılıqda açar sözlərinə uyğun reklamlar verdik. Nəticə olaraq, kifayət qədər uğurlu kampaniya alındı.

Fikrimcə axtarış sistemlərinə sadəcə açar sözlərə uyğun reklamlar verməkdənsə, potensial müştərilərin mümkün olacaq mikro anlarını hesablamaq və onlara uyğun reklamlar hazırlamaq daha az büdcəylə, daha çox nəticə əldə etmək üçün ideal variantlardan biridir.

Foto: “Think with Google”

Fikir bildirin

şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir