8 Dəqiqə Keyslər

İnformasiya virusuna necə yoluxmayaq?

8 Dəqiqə podkastda koronavirus vaxtı informasiya viruslarından – infodemiklərdən danışmışdım. Podkastı dinləməyənlər, yuxarıdakı pleyerdən istifadə edərək dinləyə bilərlər. Podkastın davamı olaraq bu yazıda etibarlı mənbələr və əldə etdiyimiz məlumatları hansı mənbələrdən yoxlaya biləcəyimiz haqqında yazacam.

Ümümdünya Səhiyyə Təşkilatının sədri Tedros Adhanom Ghebreyesus infodemik adlandırdığı saxta məlumatların koronavirusdan daha sürətlə yayıldığını deyir. Ətrafda bu qədər yalan xəbər, dezinformasiya, konspiroloji nəzəriyyələr varkən, aşağıdakı mənbələr bizə informasiya virusuna yoluxmamaq üçün kömək edə bilər.

EUvsDisinfo: Avropa İttifaqı və onun üzvlərinə qarşı Rusiya tərəfindən yayılan dezinformasiyaların qarşısını almaq məqsədi ilə yaradılmış bir layihədir. Layihənin komandası hazırda Koronavirus haqqında 20+ dildə yazılan xəbərləri analiz edərək, onların doğru və ya yanlış olduğunu müəyyən edir. Həftəlik hesabatlar və günlük məlumatlar təqdim edirlər. Qeyd edim ki, araşdırma qrupu digər mövzularda da araşdırmalar apararaq, yalan xəbərləri müəyyən edir.

The Syllabus: Günlük fərqli mənbələrdən, fərqli dillərdə xəbərləri analiz edərək, doğru olub-olmadıqlarını müəyyən edərək ödənişsiz şəkildə yayımlandığı platformadır. Saytda yerləşdirilən xəbərlər “etibarlılılıq süzgəcindən” keçmiş məlumatlardır. Maraqlı ola biləcəyini düşündüyüm üçün deyim ki, mənbənin qurucusu inglis-amerikan mediasında GAFAM (Google, Apple, Facebook, Amazon, Microsoft) adlandırılan texnologiya şirkətlərini (monopolistlərini) sərt tənqid etməsi ilə tanınan Evqeniy Morozovdur.

Teyit.org: Koronavirus haqqında və ümumilikdə digər mövzularda da yayılan xəbərlərin doğruluğunu yoxlayan platformadır. Türk dilində olan platforma gündəlik olaraq yeni xəbərləri yoxlayır və paylaşır.

WHO Myth Busters: ÜST tərəfindən hazırlanan səhifədə koronavirus haqqında yayılan miflərə cavablar yerləşdilib.

Əgər ilk iki saytdan istifadə etməyə İnglis dili mane olursa, Google Translate-in Chrome əlavəsindən istifadə edərək mətnləri elə səhifədəcə tərcümə edərək oxuya bilərsiniz.

Siz də Koronavirusla bağlı bildiyiniz etibarlı mənbələri, şərh bölməsində paylaşsanız, həm mən, həm də digər oxuyucular faydalana bilərik.

Sağlam qalın.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir