Marketinq

Daha yaxşı nəticələr üçün SMART hədəflər

“Hara gedəcəyini bilmirsənsə, bütün yollar səni həmin yerə aparacaq” – L.Carrol

Bəli, marketinqdə də hara gedəcəyimizi, hansı nöqtəyə çatacağımızı bilməsək, əlbət ki, bütün vasitələr bizi o naməlum yerə çatdıracaq. Təbii ki, əgər marketinq fəaliyyətimizin faydalı olmasını, yaxşı geridönüş əldə etmək istəyiriksə, hədəfləri yaxşı müəyyən edib, strategiya üzərindən hərəkət etməyimiz mütləqdir.

Marketinq əhli tərəfindən tez-tez istifadə olunan bir termin var – SMART hədəflər. SMART – müəyyən müddət ərzində çatmaq istədiyimiz konkret hədəflərin xüsusiyyətlərini təsvir edən sözlərin baş hərflərindən ibarət akronimdir. Bu xüsusiyyətlər: S – konkret (Specific), M – ölçüləbilən (Measurable), A – əlçatan (Attainable), R – müvafiq (Relevant) və T – zamanla məhdudlaşdırılan (time-bound).

Konkretlik

“Saytı tanıtmaq” konkret hədəf hesab edilə bilməz, ancaq “E-mail marketinq vasitəsi ilə saytın ziyarətçilərini artırmaq” ola bilər. Mücərrəd və ümumi hədəflərə çatıb-çatmadığımızı analiz etməyimiz və bununla bağlı qərar verməyimiz təbii ki, çox çətin olacaq. Buna görə də hədəflər spesifik olmalıdır. Əldə etmək istədiyimiz nəticəni dəqiq müəyyən etməliyik.

Ölçüləbilən

“Satışı artırmaq” SMART hədəf sayıla bilməz, ancaq “Endirim tətbiq edərək satışı 15 faiz artırmaq” sayıla bilər. Qarşımıza qoyduğumuz hədəf mütləq ölçülə, hesablana bilən olmalıdır.

Əlçatan

Əgər keçən il Novruz bayramında endirim kampaniyası edərək satışımızı 5 faiz artıra bilmişiksə, bu il hədəfi 35 faiz qoymaq real deyil. Hədəfimizi reallığa uyğun, əlçatan qoymalıyıq, əks halda nəticəyə çatmadıqda bütün fəaliyyətimiz boşa getmiş olacaq. Bu məsələdə keçən dəfəki, keçən ilki və s. kimi təcrübələrimizi, həmçinin imkanlarımızı, mövcud resurslarımızı göz qarşısında saxlamaqda fayda var.

Müvafiq (Uyğun)

Qoyulan hədəfin ümumi strategiyamıza və hədəflərimizə, missiyamıza uyğun olmalıdır. Əldə edəcəyimiz nəticənin bizim üçün hansı faydaları olacağını düşünməliyik. Məsələn “Saytı ziyarət edən insanların sayını artırmaq” deyəndə, düşünməliyik ki, bu artım bizə necə kömək olacaq və nə üçün lazımdır?

Zamanla məhdudlaşdırılan

Tempi qorumaq üçün, qoyulan hədəfə daha effektiv şəkildə çatmaq üçün zamanla məhdudlaşdırma çox önəmlidir. Zaman məhdulaşdırılması olmadığı halda, biz fəaliyyətimizi ola biləcəyindən çox zəif həyata keçirə, daha çox vaxt və enerji itirə bilərik. “Sayta ziyarətlərin sayını artırmaq” deyəndə, zaman məsələsi mücərrəd qalır. “3 ay ərzində saytın ziyarətçilərinin sayının artırılması” deyərək, daha da dəqiq hədəf qoymuş oluruq.

Sadalanan xüsusiyyətlərin hər biri digərinə bağlıdır və hədəfin SMART hesab edilməsi üçün 5-i də olmalıdır. Bu xüsusiyyətlərə diqqət edərək hədəflərimizi müəyyən etsək, nəticələri analiz etmək, prosesi daha yaxşı dəyərləndirmək imkanımız olacaq.

Fikir bildirin

şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir