SMM

Canlı yayım – indi və burada

Əvvəllər video yayımı etmək üçün xüsusi servislərdən istifadə edirdik, indi isə gündəlik həyatımızın bir hissəsinə çevrilən Facebook-un, İnstagram-ın, Youtube-un canlı yayım funksiyaları var.

Bu yazımda Facebook və Canlı yayım funksiyasını biznesimizin inkişafı üçün necə istifadə edə biləcəyimiz haqqında fikirlərimi bölüşəcəm. Fikrimcə, bu funksiyanı bir neçə istiqamətdə istifadə edə bilərik.

Canlı yayımın ən yaxşı xüsusiyyəti “indi və burada” olmasıdır. İnsanlar sizə real olaraq yaza bilirlər, sizi olduğunuz zamanda izləyirlər. Facebook-un açıqladığı statistikaya görə, insanlar canlı yayım videolarına “canlı olmayan” videolarla müqayisədə 3 dəfə daha çox diqqət yetirirlər.

Canlı yayım edərkən unutmamalı olduğumuz bir neçə məsələ var: Hər şey real olaraq indiki zamanda baş verir və biz əvvəlcədən bütün detalları hesablamalı və yoxlamalıyıq. Təbii ki, canlı yayım zamanı baş verə biləcək mümkün riskləri də düşünüb, onlara hazır olmalıyıq.

Tədbirlərimizdən canlı yayım

Keçirdiyimiz tədbirləri tam və ya hər hansı bir hissəsini canlı yayım etməklə, tədbirimiz haqqında daha geniş kütlənin məlumatlı olmasına nail ola bilərik. Həmçinin silsilə tədbirlərimizdən canlı yayım edərək növbəti tədbirimizə maraq yarada bilərik.

Canlı müştəri xidməti

Canlı yayım edərək istifadəçilərin suallarına cavab verə, onların mövcud problemlərini həll edə bilərik. Bu, fəaliyyət göstərdiyimiz sektordan asılı olaraq dəyişə bilər. Ancaq bir çox fəaliyyət sahələrinə tətbiq edə bilərik.

Onlayn seminarlar

Canlı yayım vasitəsilə izləyicilərimiz üçün qısa canlı seminar təşkil edə, hər hansı bir mövzu ilə bağlı təqdimat edə bilərik. Təbii ki, bu prosesdə biznesimizin xidmətlərindən, təcrübələrindən nümunə göstərə bilərik. Məsələn, qida sektoru, istehsalat sahəsi, təhsil, idman və s.

Səhnəarxasından yayım

İnsanlar üçün hər zaman səhnəarxası maraqlı olub. İstifadə etdikləri məhsulun hazırlanma prosesi və ya xidmətlərindən istifadə etdikləri şirkətlərin ofislərindən görüntülər görmək insanlarda həmin quruma daha səmimi münasibət yarada bilər.

Məhsullarımızın nümayişi

Mütəmadi olaraq canlı yayım vasitəsilə təqdim etdiyimiz məhsulları və ya xidmətləri nümayiş etdirə və insanların onlarla rahat tanış olmasını təmin edə bilərik.

Unutmamalı olduğumuz digər məqam isə budur ki, canlı videoları geri qaytarmaq mümkün deyil. Faydalı olduğu kimi, riskləri də böyükdür. Canlı yayım etməzdən əvvəl, bütün detalları diqqətlə incələməli, heç bir problemin olmadığından əmin olmalıyıq. Həmçinin riskləri hesablayıb, onlara da hazır olmalıyıq. Ünvanlana biləcək suallara cavab hazırlamalıyıq, çünki yayım zamanı cavab hazırlamaq üçün çox vaxtımız polmayacaq.

Ən əsası isə, eksperiment etməkdən qorxmamalıyıq! Ola bilər ki, ilk yayımınızda statistika çox da ürəkaçan olmasın, buna baxmayaraq ruhdan düşmədən davam etmək lazımdır!

Uğurlar arzu edirəm 🙂

Fikir bildirin

şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir