SMM

“Bajıoğlu, bizi İnternetə sal”

Bəli, İnternet texnologiyaları sürətlə inkişaf edir və onlar artıq həyatımızın demək olar hər hissəsinə inteqrasiya olunublar. Bu “yeni dostlarımız” biznesdə də aktiv istifadə olunurlar. Reklamı İnternetdən alırıq, xəbəri buradan oxuyuruq, fikir bölüşürük, müzakirələr edirik və alırıq-satırıq.

Kiçik bir analiz etsək görərik ki, bir neçə il öncəyə nisbətdə, indi demək olar hər sferadan olan biznes təşkilatları özlərinin İnternetdə, xüsusi ilə də sosial şəbəkələrdə təmsil olunmasını daha çox istəyirlər. Hər şirkət sosial şəbəkələrdə səhifə açır, paylaşır, satmağa çalışır. Bu bloq yazımda xeyli vaxtdır Azərbaycan SMM sahəsində etdiyim müşahidələrin nəticələrindən danışacağam.

Ölkəmizdə şirkətlərin, qurumların bu sahə ilə bağlı inandığı “mif”lər:

“Bajıoğlu, bizi İnternetə sal”

Məncə artıq SMM işinin, İnternet marketinq işinin CİDDİ İŞ olduğunu qəbullanmaq üçün kifayət qədər səbəb var. Artıq “sənin başın çıxır, bir səhifə aç, obyektin şəkillərini yüklə” metodu heç cürə fayda vermir. Çünki bazar genişlənir, rəqabət yaranır, fərqlənmək lazımdır yoxsa sadəcə “informasiya küyü”nə qarışıb, itib batacağıq.

“On min layk olsun, bajıoğlu”

Təbii ki, layk sayı SMM işinin əsas göstəricilərindən biridir, ancaq bu heç bir halda ən əsası, ən önəmlisi deyil. SMM işinin əsas metrikləri geri dönüş, loyallaşan istifadəçilər, konversiya və satışdır. Əgər bizi layk edən on min insan, real insan deyilsə və ya bizim hədəf auditoriyamız deyilsə, işimizdən heç bir fayda ala bilmərik.

“Obyektin şəklini qoy, yaz ki, gözləyirik”

Avtovağzalda demək olar hamınız şahid olmusunuz yəqin: əyləşirsiniz, birdən satıcılar girir avtobusa məhsul satmağa çalışırlar “ətirlər, saatlar, qolbaqlar”. Hər biri eyni müraciət edir, eyni şəkildə satmağa çalışır, nəticədə avtobus tərpənəndə, onlar yeni alıcı axtarışına çıxırlar. Eyni ilə, İnternetdə “satmağa” çalışanda da monotonluq içində itib batmaqdan qaçmalıyıq, fərqli təqdimetmə ilə, fərqli şəkildə satmağa çalışmalıyıq.

“Əşi, yaz narahat olma, İnternetdir də”

Sosial şəbəkələr son dövrlərin ən faydalı və eyni zamanda təhlükəli alətidir. Bu şəbəkələr istənilən şirkəti və ya şəxsi dəqiqələr içində zirvəyə qaldıra və ya yerlərə vura bilər. SMM işi ciddi yanaşılmadan görülərsə, kifayət qədər dərin zərbələrə səbəb ola bilər. Nəyi, necə, kimin üçün paylaşdığımıza çox diqqət yetirməliyik.

“Hamı bundan yazır, biz niyə yazmırıq?”

Sosial şəbəkələrin çox sürətlə dəyişən trendləri var. Bəzən bu sürətə həqiqətən də heyran qalırıq. Trendlərdən düzgün istifadə etmək, terminlə desək RTM etmək ciddi bir sənətdir, məncə. Hər trend, hər biznes, hər səhifə üçün uyğun olmur. Trend olan bir mövzunu, analizsiz istifadə etməyə çalışmaq, gözləmədiyimiz şəkildə nüfuzumuza xələl gətirə bilər və biz özümüz sosial şəbəkələrin “trendinə” çevrilə bilərik, bu da yaxşı deyil.

Əslində düşünürəm ki, bu siyahıya əlavələr etmək olar, bəlkə də bu sıyahını genişləndirərək daha bir yazı paylaşacam, ancaq düşünürəm ki, ən böyüklərini qeyd etmiş oldum.

Ən əsası işə “mən də Feysbukda olum” düşüncəsi ilə başlamamaqdır. SMM ciddi bir işdir, sənətdir və bunu peşəkarlıqla etmək mütləqdir.

Fikir bildirin

şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir